Sentyabr 29, 2023

Səudiyyə Ərəbistanının Türkiyəyə qarşı ticarət müharibəsi – Təhlil

Səudiyyə Ərəbistanının Türkiyəyə qarşı ticarət müharibəsi – Təhlil

Səudiyyə rəsmisinin Ankaraya qarşı ticarət müharibəsi elan etməsindən sonra Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlik yeni bir mərhələyə qədəm qoyub və bu davam edərsə, həyəcan təbili çalınacaq.   Səudiyyə Ərəbistanı ilə Türkiyə son illərdə regional siyasət və İslamçı qruplara dəstək mövzusunda yaşanan fikir ayrılıqları səbəbindən qarşıdurma yaşayıblar və səudiyyəli jurnalist Camal Qaşıqçının 2018-ci ildə Türkiyənin İstanbul şəhərindəki Səudiyyə konsulluğunda öldürülməsi gərginliyi daha da artıb. Ankara ilə Riyad arasındakı gərginlik Riyad Ticarət Palatasının sədri Əcalan Əclanın Türkiyəyə qarşı çıxmasından sonra yeni bir mərhələyə qədəm qoyub.   O, 3 oktyabr 2020-ci il tarixli bir tvitində bildirib:   “Türkiyənin idxal etdiyi və ya yatırdığı hər şeyə və turizminə sanksiya qoymaq, hər bir Səudiyyə iş adamının və istehlakçının, Türk hökumətinin liderlərimizə qarşı düşmənçiliyinə cavab verməkdir”.   Bu, Riyadın Ankaraya qarşı ticarət müharibəsinin elanı kimi qəbul edilib.   Ankara və Riyadın regional üstünlük üçün rəqabəti qeyri-rəsmi qadağalar, elan edilməmiş sanksiyalar, sərhəd gecikmələri, Yaxın Şərqdə və Şimali Afrikada türk mallarının boykot çağırışları müşayiət edib. Böyük bir mağazalar şəbəkəsi olan “Əl-Othim” göründüyü kimi bütün türk mallarını boykot etməyə qərar verib və “Herfi” restoranlar şəbəkəsi, “Türk hamburgerlərini”, “Yunan burgerləri” ilə əvəzləmək istədiyini açıqlayıb.   Türkiyədən göndərilən yüklərə bəzi giriş məhdudiyyətləri və ya gömrük rəsmiləşdirilməsindəki gecikmələr daxildir və terminalda uzun müddət dayana, gec gələ bilər və ya mallar ölkəyə girə bilsə də ümumiyyətlə gömrükdə qapalı qala bilər.   Bu arada Türkiyə iş adamları, digər Ərəb Körfəzi ölkələrindəki və Şimali Afrikadakı problemləri bildirirlər. Mülki sektorun nümayəndəsi Birləşmiş Ərəb Əmirliklərində də problemlər olduğunu, lakin Səudiyyə Ərəbistanına artan ixracat problemləri ilə müqayisədə nisbətən az olduğunu söyləyib.   Medianın xəbərlərinə görə, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı ticarət həcmi hər il 5 milyard dollara olub və zəngin Səudiyyə turistləri, Səudiyyə sərmayəçiləri üçün daşınmaz əmlak sahəsində ilk yer Türkiyədir. Səudiyyə Ərəbistanı bu ilin əvvəlindən bəri Səudiyyə Ərəbistanına türk xalçaları, polad, petrokimya və dənli bitkilər ixracatı ilə Türkiyənin ən böyük ixracat bazarları siyahısında 15-ci sırada yer alır.   2018-ci ildə Camal Qaşıqçının öldürülməsindən sonra iki ölkə arasındakı münasibətlər pisləşib və Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər zədələnib. Səudiyyə Ərəbistanı dəfələrlə Türkiyəyə səyahət etməmək və türk turizm sektorunu vurmağa çalışmaq barədə xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı Türkiyədə yaşayan Səudiyyə vətəndaşlarına daşınmaz əmlaka yatırım və digər kiçik sərmayələr barədə xəbərdarlıq edib.   “Rai əl-Youm” Riyad ilə Ankara arasındakı gərginliyin artmasına işarə edən bir məqalədə bildirib: “Səudiyyə-Türkiyə siyasi və ticarət əlaqələri, iki ölkənin Suriya böhranındakı mənafeləri Suriya hökumətini devirmək ümidi ilə silahlı qruplaşmalar təşkil etmək və maliyyələşdirmək üçün bir-birinə bağlandığı zaman qızıl bir dövrdə idi. Ancaq sonra münasibətlər durğunluq və zəiflik vəziyyətinə düşdü və nəticədə qırılma nöqtəsinə gəldi. Bu zaman Səudiyyə kəşfiyyat xidmətinin 2018-ci ilin oktyabrında İstanbulda Səudiyyə konsulluğunda Qaşıqçının dəhşətli qətlində iştirak etdiyi aydın oldu  və bununlada əlaqələr daha da zədələndi”.   Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı gərgin münasibətlərin 3 səbəbi   İki ölkə arasındakı münasibətlərin bulanıqlaşmasının arxasında son beş ildə iki ölkə arasındakı münasibətlərə tədricən kölgə salan bir neçə səbəb var;   Birincisi, Səudiyyə Ərəbistanı xaricində Pakistan, Malayziya, İndoneziya və Qətər də daxil olmaqla ərəb olmayan bir İslami siyasi blok meydana gəldiyi zaman İslam dünyası və xüsusən də sünniləri ilə Türkiyənin liderliyi arasındakı iki ölkə arasındakı rəqabət bu baxımdan qızışdı. Səudiyyə Ərəbistanının bütün qərarlarına nəzarət etdiyi Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına paralel bir İslami təşkilat qurulmasına yol açdı.   İkincisi, Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanının mövqeyinə zərbə vurmaq və həm İslam, həm də beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək üçün Qaşıqçının sui-qəsd kartından səmərəli istifadə etdi. Türkiyənin bu yaxınlarda Səudiyyə konsulluğunda jurnalistin cəsədini parçalamaq və yandırmaq üçün istifadə olunan quyuların və sobaların şəkilləri daxil olmaqla Qaşıqçı sui-qəsdi əməliyyatı ilə bağlı bir sıra yeni faktlar dərc etməsi diqqət çəkib.   Üçüncüsü, İstanbul şəhərini Səudiyyə, Misir və Fars Körfəzi müxalifət hərəkatlarının qərargahına çevirmək və televiziya kanalları və sosial media saytları qurmalarına imkan vermək. Bu, bəzi media qurumlarının Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən qarşılıqlı bağlanmasına səbəb oldu.   “Rai əl-Youm” qəzeti bildirib ki, əksər proqnozlar Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı media müharibəsinin yaxın aylarda daha da güclənəcəyini göstərir.   Türkiyə mallarının Səudiyyə Ərəbistanına idxalına qoyulan qadağanın, tərəflər arasındakı siyasi gərginliyin getdikcə ticarətə gətirib çıxardığını göstərdiyi şübhəsizdir. Türk şirkətləri Səudiyyə Ərəbistanının türk mallarına qarşı təxribatından şikayətlənərək, Türkiyədən Səudiyyə limanlarına tədarükün məhdudlaşdırıldığını və ya gömrük rəsmiləşdirilməsinin çox yavaş olduğunu söyləyiblər. Türk şirkətlərinin sahibləri Səudiyyə rəsmilərinin türk mallarının Səudiyyə Ərəbistanına idxalını məhdudlaşdırmaq üçün koronavirusdan bəhanə olaraq istifadə etdiklərini bildiriblər.   Bəzi Səudiyyə nümayəndələri türk mallarına qarşı sanksiyaların olmadığını və türk mallarının və məhsullarının hələ də Səudiyyə Ərəbistanında olduğunu bildirsələr də, digərləri Türkiyədən gətirilən mallar üçün yavaş bir rəsmiləşdirmə əməliyyatının olduğunu bildirib. Səudiyyəli bir idxalçı “Reuters”ə bildirib ki, bu il Türkiyədən gətirdiyi konteynerlər üç ay ərzində gömrükdə qalıb və sonra sərbəst buraxılıb. Səudiyyə gömrük işçiləri ondan qeyri-rəsmi olaraq Türkiyədən mal idxal etməməsini xahiş etdiklərini söyləyir. Bəzi müşahidəçilər Riyad ilə Ankara arasında ticarət müharibəsinin kəskinləşəcəyini və Türkiyənin Dünya Ticarət Təşkilatına müraciət edə biləcəyini söyləyib.   Türk mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanının Türkiyədən başqa ölkələrdən mal idxal edə biləcəyi doğrudur. Ancaq keyfiyyətsiz və yüksək qiymətlə. Bu səbəbdən Məhəmməd ibn Salman Səudiyyə millətinə yenidən zərbə vurur və Məhəmməd ibn Salmanın bu uşaq qərarları Türkiyəyə zərər vermir. Mütəxəssislər ibn Salmanın bu addımının Səudiyyə istehlakçıları üçün qiymətləri artıracağına inanır və əslində Salman Səudiyyə xalqına qarşı mübarizə aparır, Türkiyə ilə deyil. Səudiyyə Ərəbistanına dəyən ziyan iqtisadi sahə ilə məhdudlaşmayacaq, həm də siyasətə çatacaq və İslam dünyası hansı tərəfin uşaqcasına davrandığını başa düşəcək. Türk mütəxəssislər Məhəmməd ibn Salmanın Səudiyyə Ərəbistanını məntiqsiz qərarları ilə məhv edəcək bir siyasi cırtdan olduğunu vurğulayırlar.   Hər halda Riyad ilə Ankara arasındakı bu böhranın iqtisadiyyat və media çərçivəsində qalıb-qalmayacağını və ya ciddi bir siyasi böhrana səbəb olub-olmamasını görmək qalır. Bu baş verərsə, həyəcan siqnalı veriləcəkdir. İki ölkənin rəsmi qərarlarının necə olacağını, xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyəyə sanksiyaları ilə bağlı hələ bir mövqe tutmadığı halda, bu mövzuda necə reaksiya göstərəcəyini görmək üçün növbəti günləri gözləməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.