Sentyabr 29, 2023

Rusiyalı hərbçilərin Qarabağa gəlişi sülh gətirəcəkmi? – Təhlil

Rusiyalı hərbçilərin Qarabağa gəlişi sülh gətirəcəkmi? – Təhlil

Dağlıq Qarabağ uğrunda gedən 45 günlük müharibənin sonunda Azərbaycan Ordusu Ermənistanın yaratdığı məğlubedilməz ordu mifini və 30 illik müdafiə istehkamını darmadağın edərək, düşməni təslim olmağa məcbur etdi. Bunun nəticəsidir ki, 10 noyabrda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bəyanat imzalandı.   Sənəd münaqişənin hərbi fazasının bitməsi və sülh yolu ilə işğal altında bütün ərazilərin Azərbaycana qaytarılmasını özündə ehtiva etdi. Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona Rusiyanın sülhməramlı kontingentintin daxil olması da razılaşdırıldı.   Rusiya sülhməramlıları regiona nə üçün gəlib?   Rusiyanın sülhməramlı kontingentintin Dağlıq Qarabağa gəlməsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəziləri rusiyalı hərbçilərin gəlişini məğlubiyyət, bəziləri qalibiyyət hesab edir. Birincilər Rusiyanın Dağlıq Qarabağda varlığını heç cür həzm edə bilmir,  bunun ermənilərin işinə yarayacağını düşünür və Qarabağın bir hissəsinin Azərbaycanın nəzarətindən çıxdığını iddia edir. Bunun üçün heç bir dəlil və sübut göstərilməsə də, Rusiyaya qarşı nifrət və düşmən hissələri qabardılır.   İkincilər Dağlıq Qarabağda rusiyalı hərbçilərin olmasını uzun illər regionda sülhün təmin olunmasında əsas şərt hesab edir, işğal altında olan bütün torpaqların mərhələli şəkildə azad edilməsi üçün təminatçı rolunu oynacağını düşünür. Bundan əlavə Rusiyanın regionda olması Ermənistanın növbəti işğal missiyasını da alt-üst edir.   Hər iki tərəfin mülahizələrində həqiqət olsa da, Dağlıq Qarabağın bütünlükdə Azərbaycana məxsus olması heç kimdə şübhə doğurmur. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yüksək statuslu muxtariyyət verilməyəcək. Dağlıq Qarabağda ermənilərin sayı az olsa da, bu bölgəyə aşağı statuslu muxtariyyətin verilməsi müzakirə mövzusu olmayacaq. Azərbaycanın digər bölgələrinin hansı statusu varsa, Dağlıq Qarabağ da eyni statusu daşıyacaq.   Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiya sülhməramlılarnın hazırkı vəziyyətdə Dağlıq Qarabağda Ermənistanın mümkün təxribatlarının qarşısının alınması baxımından olduqca önəmli rol oynacağı dəqiqdir. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir.   Rusiya sülhməramlılarının komandanı kimdir?   Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovdur. O, 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub.   9 saylı Cənub Hərbi Dairə Komandirinin müavini olan general-leytenant Rusiya Federasiyasının Qəhrəmanı adını da qazanıb. General Muradov hər iki Çeçen müharibəsində iştirak edib. 1996-cı ildə Verxniy Çentoroy kəndi və 2000-ci ildə isə general-mayor Vladimir Şamanovun rəhbərliyi altında Aslan Masxadovun Datoi şəhərindəki qərargahının ələ keçirilməsi əməliyyatlarında iştirak edib. Buna görə İki Cəsarət ordeni ilə mükafatlandırılıb.   Rusiya Ordusunun generalı 2016-cı ildə Donbasdakı atəşkəs məsələlərinə nəzarət və koordinasiya və demarkasiya xəttinin sabitləşdirilməsi mərkəzində Moskvanın nümayəndəsi olub. Muradov 5 mart 2016-cı il tarixində Yasinovataya qəsəbəsi yaxınlığında təxminən 20 dəqiqə ərzində RPG, zenit silahları, ağır pulemyotlardan 4 dəfə atəşə tutulub.   2017-ci ildə Suriyada hərbi məsləhətçi təyin olunub. İki həftə ərzində Rüstəm Muradovun komandirliyindəki dəstələr Əs-Suxnedən Deyr-əz-Zora yola çıxaraq düşmənin sərt müdafiə xəttini keçib. Gündə 15-20 km, bəzi günlərdə isə 30 km-ə qədər məsafə qət ediblər. Deyr-əz-Zor istiqamətində uğurlu əməliyyatdan sonra 7-ci hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.   Türkiyə hərbçilərinin Dağlıq Qarabağa gəlişi   Dağlıq Qarabağda sülhün əldə olunması ilə bağlı imzalanan bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaq. Tənzimlənmə prosesində Türkiyənin iştirakı reallaşacaq və türk sülhməramlıları rus sülhməramlıları ilə birgə fəaliyyət göstərəcək.   Sülhməramlı mərkəzdə təmsil olunacaq hərbçilərdən əlavə Türkiyə ordusuna məxsus sülhməramlıların Dağlıq Qarabağa daxil olması da əsas müzakirə mövzularından biridir. Türkiyə sülhməramlılarının regiona gəlməsi Azərbaycanın maraqlarının təmin olunması və müdafiəsi baxımından olduqca vacib olsa da, buna rəsmi Moskvanın razılıq verməsi də inandırıcı görünmür. Rusiya tərəfi regionda yalnız rusiyalı sülhməramlıların olacağını bəyan edib və digər ölkənin hərbi kontingentinə ehtiyac olmadığını bəyan edib.   Türkiyə sülhməramlıların gəlişinin reallaşıb-reallaşmayacağı qeyri-müəyyən olsa da, bütün hallarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olması əsas şərtdir və Rusiyanın Azərbaycan Ordusuna qarşı hər hansı hücumu mümkünsüzdür. Bundan əlavə Qarabağ ərazisində azərbaycanlı və ermənilərin birgə yaşayacağı təqdirdə sülh və əmin-amanlığın təmin olunmasında rusiyalı hərbçilərin vacib rol oynacağı heç kimdə şübhə oyatmır.   Hüseyn Abdullah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.