Sentyabr 29, 2023

Charlie Chaplin-in qızına məktubu

Charlie Chaplin-in qızına məktubu
Bu məktubu metr, 1965-ci ildə, 76 yaşı olanda, Paris səhnələrini fəth etməkdə olan qızı Geraldine-ya yazıb.
Əziz qızım Geraldine,

İndi gecədir. Yeni il gecəsi. Balaca qəsrimizin silahsız əsgərləri yuxuya gediblər: bacın və qardaşın, hətta anan da uyuyub… Bu yarıqaranlıq otağa gəlincə, o mürgülü sərçəcikləri az qala oyadacaqdım…
Ah, bircə bilsən ki, mən Səndən nə qədər uzaqdayam… Ancaq, qoy, mənim gözlərim kor olsun, əgər bütün ayrılığımız müddətində Sənin əksin bircə an belə gözlərimin önündən çəkilibsə. Sən əslində burdasan, yanımda, yox-yox, lap ürəyimdəsən…
Sən hardasan?..
Orada, əfsanəvi Parisdə!!!… Yelisey sarayının möhtəşəm səhnəsində rəqs edirsən. Bunu yaxşı bilirəm, lakin mənə elə gəlir ki, gecənin bu lal sükutuna qarışan sakitliyində Sənin addım səslərini eşidirəm, bənzərsiz gözəlliyini, gözlərinin parıltısını görürəm və bu gözlər mənə şaxtalı qış gecəsinin aydın səmasında parlayan ulduzları xatırladır…
Bu arada eşitdim ki, Sən bayram axşamının işıqlarla dolu səhnəsində “Tatar xanına əsir düşmüş fars gözəli” rolunu oynayırsan. Oyna, gözəlliyinə bənzəyən bir rəqs bəxş elə tamaşaçılarına! Ulduza dön, parla səhnədə!
Ancaq birdən tamaşacı rəğbəti və alqışların həyəcanı səni məst eləsə, sənə göndərilən güllərin xoş ətri başını gicəlləndirsə, bir anlığa küncə çəkilib otur və mənim bu məktubumu oxu. Oxu və Atanın ürək sözlərinə diqqət kəsil…
Charlie Chaplin-in qızına məktubu
Mən sənin atanam, Geraldine! Mən Charlie-yəm – Charlie Chaplin! Bir bilsən, neçə gecələrimi Sənin balaca çarpayının yanında oturaraq “Yatmış gözəl və qorxunc əjdaha” barəsində nağıllar danışmışam…
Bəzən, çarpayının yanında, artıq qocalmış gözlərim mürgüyə dalanda, öz-özümə gülər və üstümə gələn mürgüyə deyərdim: “Get, yox ol, mənim yuxum, bu nağıllar mənim körpə Geraldine-min arzularıdı”. O zaman mən sənin arzularını, gələcəyini görürdüm, Geraldine, sənin bu gününü görürdüm. Səhnədə rəqs edən qızı, göylərdə süzən pərini görürdüm. Mən öz balaca sərçəciyimi səhnədə mələk rolunda, bir mələk kimi sonsuz səmanın qucağında pərvazlanaraq rəqs edən görürdüm. Hətta bu zaman qulaqlarıma yetən səsləri də eşidirdim: “Siz bu qızcığazı görürsünüzmü? O, qoca təlxəyin qızıdır. Yadınızdamı, onun adı Charlie idi”…
Bəli, mən Charlie-yəm – qoca təlxək! Artıq bu gün rəqs etmək növbəsi sənindi. Rəqs elə! Mən zamanında cırıq, enlibalaq şalvarda rəqs etmişəm. Sənin əynində isə şahzadələrə xas ipək paltar var. İndi etdiyin rəqslər və eşitdiyin alqış səsləri, zaman-zaman Səni sonsuz səmalara qədər parvazlandıracaq qanadlara çevriləcək…
Bir vaxtlar, mənim nağıllarımın dünyasına vararaq mürgülədiyin gecələrdə, zaman-zaman yuxum belə, gəlməzdi. Sənin gözəl üzünə baxar, səsinə qulaq asar və öz-özümdən soruşasrdım: “Charlie, doğrudanmı nə vaxtsa bu balaca qızcığaz səni tanıyacaq?”
Sən məni tanımırsan, Geraldine. Artıq çox uzaqlarda qalmış o gecələrdə mən sənə çox nağıllar danışmışam… Amma heç bir zaman öz nağılım barəsində sənə bir kəlmə belə kəsmədim. Ancaq, bir bilsən, o nağıl necə maraqlıdı?…Bu, Londonun yoxsul məhəllələrində, kasıb kvartallarında oxuyan, rəqs edən ac təlxəyin nağılıdı… O nağılda həm də bu ac təlxəyin bir qarın çörək üçün necə əl açdığı barədə olduqca maraqlı məqamlar var….
Əslində mənim nağılım elə bundan ibarətdi. Mən aclığın, səfalətin, ac-susuz, kimsəsiz küçələrdə soyuqdan donmağın, şaxtadan titrəməyin nə demək olduğunu çox yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, öz başının üstündə damı olmaq nə deməkdi. Hələ orasını demirəm ki, mən ac bir təlxəyin küçə-küçə, ev-ev gəzərək əl açmasının nə qədər ağrılı-acılı və aşağılayıcı hisslərini yaşamışam. O təlxəyin ki, içində, sinəsində hər zaman bir okean boyda qürur fırtınası coşub-daşırdı. Lakin onun üzərinə atılan xırda pullar hər dəfəsində bu qürur fırtınasını öldürür, söndürürdü… İçində ümmanlar qədər qürur gəzdirən atan, köçəri təlxək olmağına görə o qədər təhqiredici ağrılar çəkib ki… Bütün bunlara baxmayaraq, yaşamışam…

Daha yaxşısı budur ki, bir az da sənin haqqında danışım, Geraldine.
Sənin adın Geraldine-di və bu adın arxasından mənim soyadım gəlir – Chaplin! Bu adla mən qırx ildən artıqdı ki, o, yer üzünün insanlarını güldürürəm. Lakin, bu 40 ildə, ən azı, o insanların güldüyü qədər, bəlkə də ondan da artıq mən özüm ağlamışam.
Geraldine, bunu bil ki, indi sənin yaşadığın bu dünya təkcə musiqi və rəqsdən ibarət deyil…
Gecə yarısı böyük salonlardakı parıltısı ilə göz qamaşdıran səhnələrdən enərkən, öz varlı pərəstişkarlarını unutmağa çalış. Səni evə götürəcək taksi sürücüsündən onun arvadı haqqında soruşmağı unutma… Və əgər o hamilədisə, onların uşağın bələyinə yetəcək qədər pulları yoxdusa, bu pulları sən o sürücünün ovcuna bas. Pulunun çatmayacağından da çəkinmə. Mən banka göstəriş vermişəm ki, sənin bütün xərclərini qarşılasınlar. Qalan məsələlərə gəlincə, sən onlar barəsində mənə mütləq danışmalısan…
Onu da bilirəm ki, atalar və övladlar arasında əbədi bir yarış mövcuddu. Sən də mənimlə, mənim düşüncələrəmlə, fikirlərimlə döyüş, gözəl qızım! İtaətkar uşaqları heç sevmədim! Və hələ ki, gözlərimin yaşı bu məktubun üzərinə axmayıb, istərdim inanım ki, bu yeni il gecəsi həm də möcüzələr gecəsidi. Həqiqətən də, möcüzə baş verməsini və sənin dediklərimin hamısını başa düşməni istərdim…
İstərdim deyim ki, Charlie artıq qocalıb, Geraldine. Gec-tez sən səhnəyə geydiyin ağ ipək paltarını, qara matəm libasına dəyişərək mənin məzarımı ziyarətə gələcəksən. İndi isə səni çox narahat eləmək istəmirəm. Sadəcə arabir aynaya bax – orda məni görəcəksən, axı sənin damarlarında mənim qanım axır…
Bir zamanlar mənim damarlarımın qanı duracaq, istərdim, çox istərdim ki, sən öz atan Charlie-ni unutmayasan!!!

Təbii ki, mən bir mələk deyildim, ancaq bacardıqca çalışdım ki insan olum! Sən də buna çalış!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.