İyun 6, 2023

Ziya Balıyev – Əxlaqın açıqlanmasında naturalist problemlər və Tanrı faktoru

Əxlaq nədir? (Etika)

            Əxlaq sözü ərəb dilində x-l-q kökündən gəlir[1] və mənası uzun zaman ərəb dünyasında müzakirə mövzüsü olmuşdur. Çox alimin nəzərinə görə xulq sözü yaradılışı ifadə edir və əxlaqa verdiyimiz mənayla uzlaşmır. Başqa alimlərin nəzərinə görə isə, elə əxlaq sözü bir başa yaradılışla bağlıdır. X-l-q kökünə əsasən əxlaq sözünün mənası “insanın yaradılışından gələn təbiətidir”.[2]Yəni, yaradılış yoluyla insana verilən və onun xarakterini formalaşdıran təməl, əxlaqın klassik lüğətlərdəki təsəvvür formasını yansıdmaqdadır. Əbu Həmid əl-Qəzali bu haqda yazır:”Xüluq, nəfisdə köklənmiş bir əsasdır ki, bu əsasın səbəbiylə davranışlar düşünməyə ehtiyac olmadan rahatlıqla ortaya çıxır”.[3]Əl-Məani lüğətində isə belə qeyd edilir: “Əxlaq Xüluqun cəmidir. Ruha (nəfsə) bağlı olan bir haldır ki, o ruhdan yaxşı və pis fellər ortaya çıxır və həmin o işlər təfəkkür etmədən baş verir.”

Etika sözü isə latıncadan “Bir insanın davranışlarını müəyyən edən mənəvi prinsiplər” mənasına gəlir.[4]

Bu mövzuda ələ alacağımız təməl məsələ, mütləq əxlaq və mütləq əxlaqda tanrı faktorunun yeridir. Mütləq əxlaq həqiqətən mövcuddurmu? Mövcuddursa, bu bizim fitrətimizdədirmi? Və ən əsası, mütləq əxlaq tanrı faktorunu labüdləşdirirmi? Bu kimi suallara cavab tapmağa çalışacağıq.

Əxlaqın fəlsəfi əsaslandırılması

            Kant fəlsəfəsinin təməl daşlarından biri əxlaqdır və İmmanuel Kant əxlaqı tanrının varlığına ən əsas nişanə kimi təqdim edir. Kanta görə bir tanrının varlığına və ya yoxluğuna dair əlimizdə heç bir dəlil yoxdur, lakin əxlaq anlayışı tanrının varlığını daha mümkün edir. O, insanların əxlaqi yük sahibi olduqlarını qəbul edirdi. Yəni, Kanta görə mütləq əxlaq mövcuddur və biz o qaydaların fərqindəyik.[5]

Əxlaqı ilk təməlləndirməyə çalışan filosoflardan biri, qədim yunan filosofu Protaqordur. Protaqor ümumiyyətlə mütləq əxlaqı qəbul etmir və bütün yaxşı və pislərin nisbi olduğunu qeyd edir. Ona görə, elə bir yaxşı və ya elə bir pis yoxdur ki, hamı üçün eyni olsun. Necə ki, duzlu su insan üçün pis, balıq üçün yaxşıdır. Protaqorun bu nəzəriyyəsinə fəlsəfədə “Perspektivizm” deyilir.[6]

               Burada Protaqorun iddiasını tənqid etmək lazımdır, çünki Protaqor yaxşı və faydalı ayrımında xətaya yol verib. Hər faydalı olan yaxşı, hər yaxşı olan da faydalı ola bilməz. Məsələn, Perspektivizmə görə bir insanın ağır xəstələnməsi və ya qəzaya düşməsi, xəstənin özünə pis olsa da, həkim üçün yaxşıdır. Bura da Protaqor yanılır. Bu arqumentdə əsas müddəa həkim üçün yaxşı yox faydalı olmasıdır. Həkim bir insanın xəstələnməsindən gəlir əldə edir, lakin ondan soruşsaq ki, bu pisdir ya yaxşı, heç şübhəsiz o pis deyəcək. Yəni, bir xəstə həkimə nə qədər gəlir gətirsə də, fitri olaraq həkimin xəstəliyə olan nəzəri pisdir. İstənilən insan pis və yaxşının fitri olaraq fərqindədir və fayda verib verməməsindən aslı olmayaraq pis və yaxşını obyektiv müəyyənləşdirə bilir. Və yaxud, bir oğurluq hadisəsi oğurlayan üçün yaxşı, malı oğurlanan üçün isə pisdir. Burada yenə xəta vardır, çünki istənilən halda oğru, etdiyi əməlin pis olduğunun fərqindədir, lakin faydalı olduğu üçün edir. Bu misalları sonsuza qədər uzatmaq olar. İstənilən halda bir şey insan üçün faydalı olsa belə, onun pis olduğunun fərqindədir.

Əxlaqı təməlləndirməyə çalışan başqa filosof Ceremi Bentamdır. Həzzi təməl götürən Ceremi Bentama görə ən əxlaqlı olan şey, çoxluq üçün faydalı olanı etməkdir. Sonradan Con Stüard Milin də mənimsədiyi bu fəlsəfi xəttə “Praqmatizm” yəni “Faydaçılıq” deyilir.[7]

Praqmatizm iddiası da özlüyündə xətalıdır və əxlaq anlayışını tam olaraq açıqlaya bilmir. Əgər biz çoxluğun istəyini və faydasını əsas götürərək hansısa hərəkəti edəcək olsaq, bu zaman etdiyimiz hərəkətə tam olaraq əxlaqlı deyə bilərikmi? Məsələn, Amerikaya köç edən Avropalılar yerli Amerikalılardan daha çox olduğu təqdirdə, orada yaşamaq üçün yerliləri öldürürlərsə, bu əxlaqlıdırmı? Burada həm çoxluğun istəyini yerinə yetirdik, həm də daha çox fayda verdik. Yerdə qalan yerlilərin ölümü əxlaqlı bir hərəkət olurmu bu halda? Və yaxud, II dünya müharibəsində almanlar, ölkədəki az sayda olan yəhudilərin ölümünü istəyir və bunu faydalı görürdülər. Hitler də çoxluq üçün faydalanı etdi. Bu zaman biz Holokosta əxlaqlı deyə bilərikmi? Qətiyyən! Bu baxımdan Praqmatizm əxlaqı qətiyyən əsaslandıra bilmir.

Bertran Rassel əxlaqı mənfəətdə uzaqgörənlik kimi açıqlayır. Yəni, mən sənin malını ona görə oğurlamıram ki, sabah sən də mənim malımı oğurlayarsan. Və yaxud, mən səni ona görə öldürmürəm ki, sabah sən də məni öldürərsən. Qısaca, mən sənə ona görə pislik etmirəm ki, həmin pisliyi sən də mənə edərsən.[8]

              Bertran Rasselin arqumenti də olduqca zəif və əsassız arqumentdir, əxlaq anlayışına qətiyyən izah edə bilmir. Bertran Rasselin arqumentini əsas götürsək, heç bir malı olmayan insanın oğurluq etməsi əxlaqa zidd deyil, çünki onun oğurlanacaq heç bir şeyi yoxdur. Və yaxud, ölümcül xəstəliyə tutulan insan rahatlıqla insan öldürə bilər, çünki onun üçün artıq ölüm gözləniləndir. Ya da, çox qüdrətli bir hökümdar insanlara istədiyini etməkdə azaddır, çünki həmin şeyi ona edə bilməyəcəklərindən əmindir. Rasselin arqumenti bu baxımdan əxlaqı açıqlaya bilməz və fundamental əsası yoxdur.

Dr.Blum testi: Hər kəs əxlaqlı doğulur.

            Uzun zaman insanların əxlaqlı doğulmadıqlarına və əxlaqın sonradan qavranılan məfhum olduğuna inanıldı, lakin modern dönəmdəki bir çox test bunun tam əksini göstərdi və insanların doğuşdan əxlaqlı olduğunu isbat etdi. Bu testlərin ən əsası Dr.Blum testidir. Dr.Pol Blum uşaqların əxlaq anlayışı üzərində çox geniş araşdırmalar aparmış və mütləq əxlaqın olduğunu, insanların bu əxlaqla birlikdə dünyaya gəldiklərini aşkara çıxarmışdır. Burada bir çox testlər həyata keçirilmişdir. Məsələn, uşaqların ağlama səsinə qarşı verdiyi reaksiyalar çox maraqlıdır. Balaca uşaqların öz ağlama səsi və başqa uşaqların ağlama səsi qeydə alınıb uşağa dinlədildiyində, uşaq başqa uşağın ağlama səsinə öz səsindən daha çox ağlayır. Və ya kompyuterdə düzəldilmiş saxta ağlama səsinə reaksiyası çox zəif olur. Bu, uşaqlarda olan doğuşdan  əxlaqın göstəricisidir.

Dr.Blumun başqa bir testi 5 aylıq Uisli üzərindədir. Uşağa oyuncaqlardan hazırlanmış səhnə göstərilir. Birinci səhnədə aslan oyuncaqlarla dolu sandığı açmağa çalışır, lakin gücü çatmır. Bu zaman mavi rəngli it balası ona kömək edir və sandıq açılır. Digər səhnədə aslan yenidən həmin şeyi edir, lakin bu dəfə sarı rəngli it balası gəlir və sandığın qapağına möhkəm zərbə vuraraq açılmasına imkan vermir. Burada hərkəsi maraqlandıran sual uşağın seçimi idi. Görəsən 5 aylıq körpə, yetişkin insanlar kimi pis və yaxşı hərəkəti ayıra biləcəkdimi? Cavab: Bəli! Uisli, eyni uzaqlıqdan iki it balası arasında seçim edir və mavi iti seçir. Bu da onu göstərir ki, 5 aylıq uşaqlar yaxşı və pis ayırımını edə bilirlər. Ardından yaş daha da azaldılır. 3 aylıq Deyziyə də eyni səhnə göstərilir və uşağın seçimi yenə mavi it balası olur.

Başqa bir testdə Dr.Blum müəyyən etməyə çalışır ki, uşaqlar hərəkətlərə cəza verə bilərlərmi? Yəni əxlaqi dəyərlərə görə, uşaqlar pisliyin cəzasını verirlərmi? Bu dəfəki səhnədə bir aslanla qırmızı və yaşıl rəngli iki dovşan var. Aslan topu qırmızı dovşana atanda, qırmızı dovşan da topu ona atır və oynayırlar. Aslan topu yaşıl dovşana atdıqda isə, yaşıl dovşan topu götürür və surətlə qaçıb gedir. İkinci səhnədə isə pislik edən sandığı açmağa çalışır və əvvəlki testdə olan mavi və sarı it balaları ora gəlirlər. Mavi it sandığı açmağa kömək etsə də, sarı it mane olur. Bu zaman əsas sual odur ki, kömək edilən varlığın pis olub olmaması uşaqların seçimini dəyişə bilərmi? Cavab yenə bizi təəccübləndirir: Bəli! Uşaqlar bu dəfə ilk testin əksinə, sandığı açmağa mane olan oyuncağı seçirlər. Yəni, pislik edən dovşanın cəzalandırılmasını yaxşı sayırlar.

Dr.Blumun bütün testlərindən sonra biz əminliklə deyə bilərik ki, uşaqlar əxlaqlı doğulurlar və yaxşını pisdən ayıra bilirlər.[9]

Güzgü neyronları

Güzgü neyronları, bir canlının hərəkətlətini izlədiyimiz zaman fəaliyyətə keçən neyronlara verilən addır.[10]Bu neyronları ilk dəfə Parma universitetinin professoru Covanni Rizolatti və komandası tərəfindən 1996-cı ildə kəşf edilmişdir. Onlar, makaka meymunun beyninin ön lobunda ilk dəfə güzgü neyronlarını müşahidə edirlər. Bir filmə baxıb ağlamağımız, və ya bir xəstənin halına üzülməyimiz hamısı güzgü neyronlarına görədir. Yəni, gördüyümüz hər şeyi özümüzdə hiss edirik. Bir çox elm adamı əxlaqı da məhz güzgü neyronlarına bağlamağa çalışır. Məsələn, mən ona görə insan öldürməyə pis deyirəm ki, öldürdüyüm zaman o acını özümdə hiss edirəm. Və ya, mən ona görə bir heyvana zülm etməyə pis deyirəm ki, ona edilən zülmü özümdə hiss edirəm. Bizim mütləq əxlaq anlayışımız və müəyyənləşdirdiyimiz pis və yaxşılar əslində güzgü neyronlarıyla açıqlanmağa çalışıldığı zaman ortaya təməl problemlər çıxır.

1. Pis və yaxşılar güzgü neyronlarıyla açıqlandığı zaman, tamamilə nisbiləşir və ortada bu qavramlar mahiyyətdən düşürlər. Məsələn, əgər sırf insan öldürməyə pis deməyim güzgü neyronlarına görədirsə, o zaman neyronları məndən fərqli çalışan birinin insan öldürməsi yaxşıdır. Çünki, onun neyronları bunu pis qəbul etmir. Və yaxud, balaca uşağa təcavüz edən birinin güzgü neyronları bizimkindən daha az aktivdirsə, o halda bu şey ona görə yaxşıdır. Belə olduğu halda ortada yaxşı və pis deyə heç nə qalmır, fərdə görə dəyişir.

2. Güzgü neyronları hadisələrə görə ayırım edib, eyni prosesə fərqli şəraitlərdə fərqli qərar verə bilməz. Məsələn, insan öldürməyə pis deməyimin səbəbi ancaq neyronlarımdırsa, bu neyronlar günahsız və günahkar insan arasında necə seçim edirlər? Yəni, qarşımda iki insanı edam edirlər. Birinin heç bir günahı yoxdur, digəri isə ölümə layiq olacaq günahlar edib. Bu zaman mən mütləq halda ilk ölümə pis, ikinciyə isə yaxşı deyəcəyəm. Əgər qərarı neyronlara görə verirəmsə, hər iki ölümə ya pis, ya da yaxşı demək məcburiyyətində idim.

Güzgü neyronlarının var olması elmi bir faktdır, lakin iki misalla biz müşahidə edə bilirik ki, bu neyronlar yaxşı və pis kimi aksioloji müddəaların anlaşılmasında bizim üçün heç bir fundamental rol oynaya bilməzlər.

Eqoist gen

            Eqoist gen fikri ilk dəfə ingilis bioloq Riçard Dokinz tərəfindən ortaya atılmışdır. Dokinz əxlaqın bizdə doğuşdan var olduğunu iddia edir və bunu genimizin eqoistliyi ilə əlaqələndirir. Yəni, Hər bir insan öz geninin daha da irəliyə ötürülməsinə səy göstərir və bu yolda əlindən gələni edir. Bu iddiaya görə, mən insan öldürməyə ona görə pis deyirəm ki, insanların ölməsi insan geninin irəliləməsinə mane olur və bu zaman eqoist gen bizi öldürməməyə sövq edir. Bütün əxlaqi keyfiyyətlərimiz, sadəcə genin daha da irəliyə getməsi üçündür. Riçard Dokinz buna misal da çəkir:

“Düşünün bir qatar idarə edirsiniz və qatarın əyləci xarab olub. Qarşıda iki yol ayrılır, birində sizin doğmanız, digərində isə sizə yad olan 5 nəfər insan var. Siz, heç şübhəsiz sükanı 5 nəfərə tərəf döndərəcəksiniz, çünki, eqoist geniniz instiktiv olaraq özünə yaxın olan geni qorumaq üçün işə düşəcək”[11]

Əvvəla onu qeyd edək ki, Dokinzin eqoist gen nəzəriyyəsi hələ də Biologiyada öz təsdiqini tapmamış və təsdiqlənməmiş nəzəriyyədir. Və ən əsası, bu fikir də bizdəki əxlaq anlayışını və yaxşıyla pis qavramını açıqlamaqda acizdir.

1. Riçard Dokinzin eqoist gen nəzəriyyəsi tamamilə gen üzərində qurulduğu üçün, əxlaqı bütünlüyüylə əhatə etmir. Məsələn, mən ona görə insan öldürmürəm ki, insan geni daha çox irəliləsin. Bu zaman, mənim heyvanlara zülm etməmin pis olması açıqlana bilməz. Tutaq ki, mən yolda duran balaca pişiyi səbəbsizcə vurub öldürürəm. Etdiyim əməl heç şübhəsiz pisdir, bəs bunu hansı genetik yaxınlıq izah edir?

2. Əsas problem isə insanın əxlaqı fərqindəlik problemidir. Dokinzin qatar misalında deyək ki, qatarı 5 nəfərin üstünə sürərik. Bu zaman ortaya sual çıxır, bizim daxilimizdə bu pisdir ya yaxşı? Əlbəttə ki, pis. Biz bunu instiktiv də etsək, əqli olaraq pis iş etdiyimizin fərqindəyik. İstənilən halda 1 nəfərə qarşı 5 nəfəri öldürmək pis hərəkətdir və biz bunun fərqindəyik. Demək, bu misal eqoist gen nəzəriyyəsini müəyyən qədər əsaslandırsa da, pis və yaxşı qavramlarına qətiyyən əsaslandıra bilmir.

Darvinizmdə əxlaqın təkamülü

            Darvinin Təkamül nəzəriyyəsinə görə bütün canlılar yaşamaq uğrunda mübarizə aparırlar. Bu mübarizə əsasında növlər ya uyğunlaşıb həyatda qalır, ya da məhv olub gedirlər. Uyğunlaşan genlər isə, yaşamaqlarına daha çox avantaj yaradan xüsusiyyətləri qoruyur, dezavantaj olanları isə özlərində məhv edirlər. Məsələn, dörd ayaq üstündə gəzmək hominidlər üçün dezavantaj, iki ayaq üstündə gəzmək isə avantaj idi. Belə olduqda dörd ayaq üstə gəzməkdən iki ayaq üstə gəzməyə keçid etdilər. Bu hal zamanı isə xüsusiyyətlər, zaman içində genlərə köçürülür və nəsildən nəsilə       ötürülür. Tarix boyu hər kəsi düşündürən “əxlaqın kökü” məsələsi, Çarlz Darvinə görə təkamüllə izah oluna bilər. Belə ki, zaman içində bir birini qorumağa, köməkləşməyə çalışan insan topluluqları, həyatda qalmaq uğrunda mübarizədə daha uğurlu olublar və bu xüsusiyyət onlarda möhkəmlənib.[12]Sosioloq Herbert Spenser də, Darvinlə eyni fikirdədir. Ona görə təkamülün izah edə bilməyəcəyi heç bir fenomen yoxdur, əxlaq da onların sırasındadır.[13]

Bu iddia əxlaqın formalaşmasında əsas iddialardan biri olsa da, olduqca çox problemləri vardır.

1. İlk problem, təbbi seçmə zamanı əxlaqlı fərdlərin seçilərək qalmasının, əxlaqsız fərdlərin isə yox olmasının necə baş verməsi problemidir. Əgər bu prosesə təbi seçmə səbəb olursa, eqoist olanlar fədakar olanlara nisbətdə necə daha az çoxaldılar? Məlumdur ki, istənilən halda eqoist fərdlərin geninin artması, fədakarlara nisbətdə daha yüksəkdir, çünki fədakar fərdlərin məhv olma riski artıqdır.

2. Darvinin bu fikrinə qarşı çıxan əsas şəxslərdən biri Alfred Rasseldir. Rasselə görə insanın fiziki xüsusiyyətləri nəsildən nəsilə keçə bilər, ancaq zehnin və əxlaqın ötürülməsi və təkamül etməsi mümkün deyil. Ən əsası isə, Rasselə görə, əgər Darvin haqlıdırsa və əxlaq təkamüllə ortaya çıxıbsa, o halda əxlaqın təkmilləşməsini izləməliydik. Lakin, ilk insanlarla modern insan arasında mütləq əxlaq anlayışında heç bir fərq yoxdur.[14]

3. Darvinin ən böyük dəstəkçisi olan Tomas Henri Haksli də bu fikri dəstəkləmədiyini açıqca etiraf edir. Haksliyə görə, bu məsələnin əsas problemi, təbii seçmədir. Əgər darvin haqlı olsaydı, bu zaman əxlaqlı fərdlər qalmalı, əxlaqsız fərdlər isə sıradan çıxmalıydı. Lakin, biz müşahidə edirik ki, əxlaqsız fərdlər əxlaqlı fərdlərlə eyni seçilib, hətta daha çox seçilirlər.[15]

Aksioloji müddəalarda tanrı faktorunun labüdlüyü

            Müddəalar iki yerə bölünür: Epistomoloji müddəalar və aksiloji müddəalar. Epistomoloji müddəalar hisslərlə test olunan müddəalardır. Məsələn, qarşımda insan var müddəası epistomoljidir. Aksiloji müddəalar isə, heç bir müşahidə ilə test edilə bilinməyən, lakin qəbul etdiyimiz reallıqlardır. Məsələn, ədalət, əxlaq kimi qavramlar aksioloji müddəalardır. Burada ələ alacağımız əsas müddəa, aksioloji müddəalardır. Aksiloji müddəaların obyektiv olması üçün tanrıya ehtiyac varmı? Və yaxud, bir obyektiv aksioloji müddəanın olması, tanrının varlığını labüd edirmi?

Əgər tanrı anlayışı olmasa, mütləqdir ki, bütün aksioloji nəsnələr subyektiv olsun. Çünki, tanrı olmadığı zaman bütün aksioloji müddəalar insan beyninə görə müəyyənləşir. Hər insanın düşüncəsi də fərqli olduğu üçün ortada obyektiv dəyər qalmır. Bunu məntiq qanunları ilə əsaslandıraq:

  1. Tanrı yoxdursa pis və yaxşı insan beyniylə müəyyənləşir.
  2. Bütün insanlar fərqli düşünür, yəni düşüncələr nisbidir.
  3. Bütün yaxşı və pislər nisbidir.

Burada problem ondadır ki, əgər tanrı olmasa bütün pis və yaxşılar nisbi olur və bu zaman biz heç nəyə pis və yaxşı deyə bilmərik. Yəni, tanrı olmasa, bizim heç bir şeyə pis deməyə əsasımız olmur və ortaya mənasızlıq çıxır. Məsələn, biri uşağa təcavüz edirsə, biz ona pis şey etdiyini deyə bilmərik, çünki özünə görə haqlıdır.

Əsas məsələ isə budur ki, ümumiyyətlə aksioloji müddəa dediyimiz şey mövcuddursa, tanrı faktoru labüd olur. Bunu Enis Dokonun işlədiyi 5 mərhələli iddiada əsaslandıraq.

  1. Aksioloji müddəalar varsa, bunlar ya fundamental qavramlardır, ya da fundamental qavramlardan çıxarılırlar.
  2. Əgər tanrı yoxdursa fundamental qavramlar təbiət qanunlarından ibarətdir.
  3. Bütün təbiət qanunları epistomolojidir.
  4. Epistmloji müddəalardan aksiloji müddəalar çıxarıla bilinməz.
  5. Ən az bir dənə aksioloji müddəa varsa, tanrı var.[16]

[1] Necla Yasdıman Demirdöven, X-L-Q kökü və verilən Quran ayəsi örnəklərinin müqayisəsi, (EKEV Akademik dergisi, 2015), s.”243-286

[2] Əbül-Feyd əl-Murtəda, Təcül-Ərus min Cəvahiril-Kəmüs, (Beyrut, 1996), c.I, s. 231

[3] Əbu Həmid əl-Qəzzali, İhyaü Ulumid-din, (Beyrut), c.III, s. 53

[4] Oxford Dictionary

[5] Akarsu, Immanuel Kant’ın Ahlak Felsefesi, (İstanbul, 1999); Mehmet Emin, Kant ve Felsefesi (İstanbul, 1997)

[6] Qunnar Skirbekk və Nils Gilye, Fəlsəfə tarixi (Zəkioğlu, 2008), s.48-55

[7] Mel Thompson, Felsefe öğrenin, (Pegasus, 2011), s. 212-213

[8] Mürtəza Mütəhhəri, Əxlaq fəlsəfəsi

[9] Dr.Paul Bloom, Bebeklerin ahlaki yaşamı, (Verita yayın evi, 2015)

[10] Rizzolatti, The mirror-neuron system”, (Craighero, Laila, 2004)

[11] Richard Dawkins, Tanrı yanılgısı, (Kuzey yayınları, 2009), s. 193-208

[12] Charles Darwin, The Descent of Man and Selection In Relation to Sex, (D. Appletonand Company, New York, 1871), s. 156

[13] Herbert Spencer, The Principles of Ethics, (D. Appleton and Company, New York, 1896), s.133

[14] Alfred Russel Wallace, Darwinism, (Macmillan, London, 1889), s. 463

[15] Thomas Henry Huxley, Evolution and Ethics, (Macmillan, New York, 1893), s. 56

[16] Allah, Felsefe ve Bilim, (İstanbul yayın evi, 2013), s. 109

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.