İlia Darçiaşvili Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentinin 52-ci sessiyasında çıxış edib

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Cenevrədə BMT İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentinin 52-ci sessiyasında çıxış edib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.
Verilmiş məlumatda İlia Darçiaşvilinin çıxışında əsas diqqəti işğal olunmuş Abxaziya və Sxinvali regionunda insan hüquqları və humanitar nöqteyi-nəzərdən mövcud vəziyyətə yönəltdiyi, həmçinin İnsan Hüquqları Şurasının (İHŞ) yeni seçilmiş üzvü kimi Gürcüstanın prioritetlərindən danışdığı deyilir.
O, Gürcüstanın insan hüquqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməməsinə baxmayaraq, Rusiyanın işğal etdiyi Abxaziya və Sxinvali bölgəsində, eləcə də işğal xəttindən kənarda yaşayan əhalinin vəziyyətinin ağır olduğunu açıqlayıb. Yüz minlərlə məcburi köçkün və qaçqının öz yaşayış yerlərinə təhlükəsiz qayıtmasına hələ də icazə verilmir.
O, bölgədə beynəlxalq monitorinq mexanizmlərinin olmasının zəruri olduğunu xüsusilə vurğulayıb.
“Bölgədə humanitar vəziyyətin daim pisləşməsi və etnik gürcülərin fundamental hüquqlarının hər gün pozulması fonunda İnsan Hüquqları Şurasının birbaşa müraciətlərinə və Ali Komissarın təkrar səylərinə baxmayaraq, Ali Komissarlıq Ofisinin bu gün də Gürcüstanın işğal olunmuş bölgələrinə daxil ola bilməməsi həyəcan təbili çalır”- deyə nazir qeyd edib.