Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 020-yə çatıb, Suriyada isə 5 800-ü keçib

Türkiyədə dağıdıcı zəlzələnin qurbanlarının sayı 41 020 nəfərə çatıb. Polis, jandarma, təcili yardım, yerli təhlükəsizlik və yardım qrupları, könüllülər və sahə personalı da daxil olmaqla ümumilikdə 245 min 198 nəfər zəlzələ bölgəsindədir.
Türk mediası təbii fəlakət bölgəsində nazirlik və təşkilatlar, eləcə də müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən zəlzələdən zərər çəkmiş bölgələrə göndərilmiş 200 mindən çox çadır qurulmasına dair məlumat verir. Türkiyə hakimiyyəti Kahramanmaraş və Hatay vilayətlərində xilasetmə əməliyyatını davam etdirəcək.
Türkiyədə baş verən iki güclü zəlzələdən sonra 6 mindən çox afterşok müşahidə olunub. Türkiyə və Suriyada zəlzələlərin qurbanlarının sayı 46000-i aşıb. Suriyada hökumətin və üsyançı müxalifətin nəzarətində olan ərazilərdə 5800-dən çox insan həlak olub. Nə Türkiyə, nə də Suriya neçə nəfərin itkin düşmüş hesab edildiyini dəqiqləşdirib.