Sentyabr 29, 2023

Kobaxidze: Gürcüstan Rusiya ilə uçuşların bərpasını yalnız alqışlayacaq

Kobaxidze: Gürcüstan Rusiya ilə uçuşların bərpasını yalnız alqışlayacaq

Gürcüstan vətəndaşlarının vəziyyətini yaxşılaşdıracaq istənilən qərar Gürcüstan hakimiyyəti tərəfindən alqışlanacaq.

 

Bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bəyan edib.

 

Xatırladaq ki, ötən gün Rusiya XİN başçısı Sergey Lavrov tezliklə Gürcüstanla birbaşa uçuşların bərpa ediləcəyinə ümidini ifadə edib. O, həmçinin deyib ki, insanlar arasındakı təmaslar aktiv şəkildə inkişaf edir.

 

“2019-cu ildə Rusiya birtərəfli qaydada uçuşların dayandırılmasına dair qərar qəbul etdi. Bu, Gürcüstana qarşı tətbiq edilən özünəməxsus bir sanksiya idi və o, Gürcüstan vətəndaşlarına ziyan vurdu… Söhbət vətəndaşlarımızın vəziyyətinin yaxşılaşdırılmasından gedən zaman istənilən bu kimi qərar tərəfimizdən alqışlanır“, – deyə Kobaxidze vurğulayıb.

 

“Gürcü Arzusu” sədrinin sözlərinə görə, Rusiyada 1 milyona yaxın etnik gürcü yaşayır və 2019-cu ildə qəbul edilmiş qərar onların vəziyyətini çətinləşdirib.

 

“Əgər uçuşlar bərpa edilərsə, şübhəsiz, bu, bizim həmvətənlərimiz üçün mühümdür və bu, yalnız alqışlanacaq“, – deyə o əlavə edib.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin göstərişinə əsasən, 2019-cu il 8 iyuldan Rusiya aviaşirkətlərinə Gürcüstana hava daşımaları həyata keçirmək qadağan edilb. Həmin tarixdən də Rusiya Nəqliyyat Nazirliyinin Gürcüstan aviaşirkətlərinin Rusiyaya uçuşlarının dayandırılmasına dair qərarı da qüvvəyə minib.

 

Bu addım 2019-cu il 20 iyunda bir neçə min insanın Tbilisidə parlament binası qarşısında anti-Rusiya mitinqi keçirməsindən sonra atılıb. Kütləvi aksiyaya səbəb isə Rusiya Dövlət Duması deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasının işində iştirak etməsi olmuşdu.