Sentyabr 29, 2023

Gürcüstanda iğtişaşa cəhd oldu

Gürcüstanda iğtişaşa cəhd oldu

“Onlar qəsdən zərərli ideologiya yaydılar, ictimaiyyəti çaşdırmağa xidmət etdilər”.

 

Adekvat.info xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Parlamentə rəhbərlik etdiyi qurumun 2021-ci il üzrə hesabatını təqdim edərkən söyləyib.

 

Konkret ad açıqlamayan DTX rəhbəri sözlərinə belə davam edib:

 

“Gürcüstanın demokratik və sabit imicinə zərbə vurmaq, Gürcüstanın strateji tərəfdaşları və beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirmək, ictimai asayişi pozmaq, daxili siyasi proseslərə müdaxilə etmək və daimi gərginliyə rəvac vermək Gürcüstanın təhlükəsizlik mühitinin pisləşməsində maraqlı olan qüvvələrin əsas məqsədləri olub. Onların hərəkətləri və sabitliyi pozmaq cəhdləri də dövlət idarəçiliyi formalarını sarsıtmağa və dövlət institutlarının fəaliyyətini pozmağa yönəlmişdi”.

 

DTX sədri bildirib ki, onların əməlləri nəticəsində müxtəlif formalarda dağıdıcı xarici amillərlə mümkün əlaqədə olan siyasi qüvvələrin fəallaşması tendensiyası da aşkarlanıb:

 

“Dezinformasiya siyasəti adıçəkilən qurumlar tərəfindən müxtəlif platformalardan, o cümlədən sosial şəbəkə saytlarından, internet televiziyalarından, televiziya yayımından istifadə etməklə fəal şəkildə həyata keçirilib. Söz və ifadə azadlığından sui-istifadə edərək zərərli ideologiyanın yayılması ilə məqsədyönlü şəkildə məşğul olublar, ictimaiyyəti çaşdırmağa xidmət edib, dövlətə və digər qurumlara hücum edib, bununla da qəsdən ölkənin dinc həyatına iğtişaş və dissonans gətirməyə cəhd ediblər”.