Sentyabr 28, 2022

Yaponiya kömürlə işləyən İES-lərə YOX deməlidir! – BMT-nin baş katibi

Yaponiya kömürlə işləyən İES-lərə YOX deməlidir! – BMT-nin baş katibi

Yaponiya dekarbonizasiya məqsədinə nail olmaq üçün kömürlə işləyən istilik elektrik stansiyalarına dövlət büdcəsindən subsidiya ayrılmasını dayandırmalıdır.

 

Adekvat.info xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterriş avqustun 8-də Tokioda keçirilən mətbuat konfransı zamanı deyib.

 

“Yaponiya iqlim məsələləri ilə bağlı aparıcı rolu öz üzərinə götürmək üçün böyük potensiala malikdir. Ümid edirəm ki, Yaponiya bu istiqamətdə konkret addımlar atacaq. Yaponiyanı kömürlə işləyən elektrik stansiyalara maliyə ayırmaqdan imtina etməyə çağırıram. “Təmiz kömür” adlı anlayış yoxdur”, – deyə A.Quterriş bildirib.

 

Qeyd edək ki, Yaponiya hökuməti 2030-cu ilədək parnik qazları tullantılarının həcmini 2013-cü illə müqayisədə 46 faizədək azaltmağı qarşıya məqsəd qoyub.

 

Bundan əlavə, hökumət 2050-ci ilədək bərpa olunan enerji mənbələrindən istifadə və sənaye müəssisələri tərəfindən karbon qazının utilizasiyası hesabına tam dekarbonizasiyaya nail olmaq niyyətindədir. Rəsmi qurumların fikrincə, qarşıya qoyulan məqsədə vaxtında nail olmaq üçün 2030-cu ilə qədər bu sahəyə illik investisiyaların həcmini 17 trilyon yenə (132 milyard ABŞ dolları) çatdırmaq lazımdır.