Sentyabr 28, 2022

“Vəhşi müsəlmanlar” – “bizimkilər”, ya “sizinkilər”?

Son aylar ərzində xəbər buraxılışlarında tez-tez Avropa ölkələrində qaçqınların qeyri-etik davranışlarını əks etdirən məlumatlara rast gəlirik. Gah qadınların sərgiyə çıxardıqları bədən üzvləri gəlmələrin ehtiraslarını cuşa gətirir, gah hansısa almaniyalının baxışı onları qıcıqlandırır, gah da yeniyetmə suriyalı sinif yoldaşını həzm edə bilməyərək onu bıçaqlayır. Hadisələr fərqli olsa da, hamısı ant-müsəlman ritorikasına zəmin yaradır: “Vəhşi müsəlmanlar!”, “Axı nə üçün onları ölkəyə buraxdıq!?”, “Kaş hamısını elə vətənlərində öldürəydilər!”.

İlk baxışdan mübahisəyə əsas yoxdur. Heç kim inkar etməz ki, bəzi mühacirlər nəinki pənah apardıqları ölkənin qanunlarına, hətta yerli əhalinin milli və mənəvi dəyərlərinə də həqarət edirlər. Bu bir faktdır. Avropalılar da, ev sahibi kimi, çağırılmamış qonaqların davranışından bozardılar. Lakin… Bütün mühacirləri belə asanlıqla müsəlman adlandırmaq olarmı? Ümumiyyətlə, sadə avropalı müsəlman olaraq kimi tanıyır? Yəqin ki, əgər onların “ordan” gələnlərin hamısını müsəlman kimi qəbul etdiklərini söyləsək, əsla yanılmarıq. Bu onların düşüncəsidi. Amma biz axı bilirik: bu belə deyil.

Birincisi, mühacirlər arasında çox sayda qeyri-müsəlmanlar da var.

İkincisi, mühacirlərin əksəriyyəti yalnız nəsəbinə görə müsəlmandırlar. Onların arasında İslamın vacib əməllərini yerinə yetirənlər azlıq təşkil edir. Bunu elə Azərbaycanın misalında izah edək. Ölkə əhalisinin böyük əksəriyyəti müsəlman sayılır – 96 faiz. Amma bu böyük əksəriyyətin çox önəmli hissəsi çəkinmədən şərab içir, donuz əti yeyir, hicri təqvimi ilə hansı ayın olduğunu və evində qiblənin hansı səmtdə yerləşdiyini bilmir. Bax, mühacir dalğasının əksəriyyəti də məhz belə yarım-müsəlmanlardan ibarətdir.

Üçüncüsü, Qərbdə milyonlarla müsəlman yaşayır. Məsələn, Böyük Britaniyada onların sayı artıq 3 milyonu ötüb, Belçikada isə əhalinin 20 faizi müsəlmandır. Əlbəttə, onların hamısı mələk deyil. Sıralarında 2 qrup fərqləndirmək olar ki, İslama heç bir aidiyyatı yoxdur.  Bunlar radikal elementlər, İŞİD-in potensial üzvləri və heç bir ətəyi diqqətdən kənar qoymayan sarsaqlardır ki, əhalinin hər bir qrupunda və təbəqəsində belələrinə rast gələ bilərik. Amma bu iki qrup azlıq təşkil edir. Hərçənd, Qərb mətbuatı və onların burdakı “filialları” məhz belələri haqqında yazaraq, müsəlmanlardan terrorçu və vəhşi obrazı yaratmağa xoşlayırlar. Milyonlarla qanunlara hörmət edən müsəlmanları isə sanki görmürlər. Baxmayaraq ki, onların əksəriyyəti məhz Qərb ölkələrində dünyaya göz açıb və hökumətlə heç vaxt heç bir problem yaşamayıblar. Əgər müsəlman fədakarlıq və qəhrəmanlıq edirsə, bu barədə ancaq İslam yönümlü mətbuatda oxuyuruq. Amma hansısa axmaq qadını təhqir edirsə, onu dərhal bütün müsəlmanların və ümumən İslamın prototipi qismində təqdim edirlər.

Bu yerdə belə bir sual verilə bilər: “hə, bundan bizə nə? Biz burdayıq, onlar Avropada”. Məsələ burasındadır ki, bəzi mühacirlərin Avropada çıxardıqları hoqqaları eşidən bizim yerli müsəlmanlarda müəyyən mənada utanc hissi yaranır, onlar özlərinə və nə qədər gülünc səslənsə də, İslama bəraət qazandırmağa çalışırlar. Amma əbəs yerə. İslam qanunları ilə azacıq tanışlığı olan hər kəs çox yaxşı bilir ki, müsəlmanın nəyinki özgə qadına toxunmağa, heç ona baxmağa ixtiyarı yoxdur. Namaz qılan, oruc tutan heç bir normal müsəlman özünə belə hərəkətləri rəva bilməz (yenə də, radikal vəhhabilər, İŞİD-in potensial “müştəriləri” bu “normallara” aid deyil) – nə vətənində, nə Avropada,  nə də Antarktidada. Odur ki, ay İslam boğazlarında tıx olub qalanlar, PEGİDA kimi nəcasətin tərəfdarları. Münhendə, Londonda, Parisdə min hoqqa çıxaranlar daha çox “sizinkilərdi”, nəyinki “bizimkilər”. Bəlkə də, avropalılar həqiqəti yalandan fərqləndirməkdə bir qədər çətinlik çəkirlər. Amma biz… Biz axı bilirik kim nəyə qadirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.